Bazar ertəsi, 16.06.2025, 00:54
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 18 » Azərbaycan ailəsi: ögey ana varsa...
20:09
Azərbaycan ailəsi: ögey ana varsa...

Statistikaya görə, boşanmış qadınların üçdə biri, kişilərin isə üçdə ikisi yenidən evliliyə addım atır. Bu evlilik isə bəzən ikidən artıq insanın həyatının dəyişməsinə səbəb olur. Təbii ki, bu insanlar uşaqlardır. Təəssüf ki, böyüklərin problemləri içində uşaqlar çox vaxt günahsız qurbana çevrilirlər.

Bəzən boşanmış ailələrin uşaqları valideynin adına yapışdırılan "ögey" kəlməsi ilə bir addım geridən başlamağa məcbur olurlar. İstəmədən uşağa qarşı edilən bir hərəkət sonradan "ögey" kəlməsini daha da ağırlaşdırır və yeni valideynlə uşaq arasında uçurumlar yaranır. Psixoloqların fikrincə, ögey valideynə qız uşaqları oğlan uşaqlarına nisbətən daha tez öyrəşirlər.

Ailədaxili münasibətlərin necə formalaşması evdəki valideyndən çox, gələn ögey valideyndən asılıdır. Hər iki tərəf şəxsi münasibətlərdən əvvəl uşağın, yaxud uşaqların psixologiyasını düşünməli, onları bu vəziyyətə öyrəşdirməli, hazırlamalıdırlar. Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, ikinci dəfə ailə həyatı qurmaq üçün uşaqların yaş həddini dəqiqləşdirmək mümkün deyil. Əslində, istər qadın, istərsə də kişi üçün ikinci evlilik baxımından dəqiq uşaq yaşı demək doğru deyil. Çünki birinci evlilik zamanı yaranan mübahisələr, münaqişələr, ailədaxili ünsiyyətin necə olması uşağın ikinci evliliyə olan münasibətinə birbaşa təsir edir. Boşanma müddəti çox rahat keçərsə və boşanmanın evlilikdən daha çox sakitlik gətirəcəyini uşaq hiss edərsə, valideynlərin yenidən evlənməsi üçün çox da gözləməyinə ehtiyac yoxdur. Əsas odur ki, uşaq yeni ailəyə adaptasiya ola bilsin: 

"Birinci evlilik bitər-bitməz, ikinci evliliyə addım atmaq uşağın fikirlərini qarışdıra bilər. Ailəyə bağlı olan uşaqlar ikinci ata, yaxud ananı boşanmanın səbəbi olaraq görə bilərlər. Bu da ögey ana, yaxud ataya nifrətin yaranmasının başlanğıcı ola bilər. Ona görə də uşaqların nə fikirləşdiyinə əhəmiyyət vermək lazımdır".

Məktəb yaşından aşağı olan uşaqlar daha həssas olduqları üçün evdə baş verən bütün pis hadisələri özləri ilə əlaqələndirirlər. Günahkarlıq hissinə qapılırlar. "Əgər yaxşı uşaq olsaydım, atam ikinci ana gətirməzdi", yaxud "anamın sözünə baxsaydım, anam ikinci atanı gətirməzdi" deyə düşünə bilərlər. Məktəb yaşında olan uşaqlar isə daha məntiqli düşünə və valideynlərin ikinci evliliyini daha anlayışla qarşılaya bilirlər.

Psixoloq bildirir ki, artıq yeniyetməlik dövründə uşaqlar ailədən çox da asılı olmurlar. Evlə bağlılığı uşaqlıqlarındakı qədər güclü olmayan yeniyetmələr ikinci evliliyə qarşı həssas olurlar. Ona görə, ata-analar ikinci dəfə evlilik düşünəcəklərsə, bunu yeniyetmə uşaqları ilə də danışıb məsləhətləşməlidirlər: 

"Uşaqlar valideynlərinin ikinci dəfə evliliyi xoş qarşılamadıqları zaman bunu valideyn başa düşməlidir. Uşaqlar yaşlarından asılı olmayaraq boşanan ana-atanın yenidən barışıb bir ailə ola biləcəyinə ümid edirlər. Ona görə valideynlərinin ikinci evliliyini müsbət qarşılamaya bilərlər. İkinci evliliyin vaxtı düzgün seçilməlidir. Yeni boşanmadan sonra ailəyə yeni insanın tanıdılması və ailəyə daxil edilməsi çox da yaxşı deyil. Əvvəlcə ata-ana yeni sistemə, dəyişikliyə öyrəşməlidir".

Uşaqlar da bu vəziyyətə alışdıqda, boşanmanın əslində onun tərk edilmədiyini qavradıqda, hər iki valideyn tərəfindən hələ də sevildiyini hiss etdikdə ikinci evliliyə daha müsbət yanaşa bilərlər. Boşanma sadəcə böyüklər üçün deyil, uşaqlar üçün də böyük dəyişiklikdir. Əgər valideyn ikinci dəfə evlənməyə qərar verirsə, bunu uşaqla danışmalıdır. "Uşaqdır" deyib keçmək düzgün deyil.

F.Zeynalova onu da bildirir ki, uşaqlara deyiləcək söz onlardan icazə almaq formasında olmamalıdır. Bu, uşaqlara böyük məsuliyyət yükləyə bilər. İkinci evlilikdə yaxşı alınmadığı halda bundan ən çox əziyyət çəkən yenə uşaqlar olacaq: "Uşaqla danışılması lazım olan məsələlər uşağın qorxuları, narahatlığıdır. Çünki valideyn uşağına "evlilik düşünürəm" dediyi an uşağın ağlına gələn ilk sual "mən necə olacam" olur. Uşaq yeni həyatlarına daxil olacaq insanın necə biri olacağına şübhə ilə yanaşır, ona necə müraciət edəcəyini bilmir. Bu baxımdan uşaqla söhbət edərək onu rahatlatmaq lazımdır. Uşaqlar ögey ata və anaya mütləq reaksiya verəcəklər deyə bir qanun yoxdur. Elə uşaqlar var ki, onların yeni ata və anaya alışması zaman tələb edir. Elə uşaq da var ki, onlar yeni ailəyə çox tez adaptasiya ola bilirlər".

Əgər ailə quracaq iki insanın hər ikisinin də uşağı varsa, onların birlikdə vaxt keçirməsi, bir-birinə öyrəşməsi vaxt ala bilər. Çünki yeni ata və anadan əlavə evdə yeni bir uşağın olması da qısqanclığa gətirib çıxara bilər. Ailədə uşaqlara "siz bacısınız, yaxud qardaşsınız" sözünü işlətməkdənsə "bir evdə yaşayan insanlarsınız" demək daha doğrudur. Birlikdə zaman keçirmək uşaqların daha da bir-birinə yaxınlaşmasına səbəb olacaq. Mümkün qədər dilə ögey ata, ana, övlad sözlərini gətirməmək lazımdır. Ailədə olan isti münasibət, mehribanlıq və hər kəsin bir-birini başa düşməsi ikinci ailənin təməlinin sağlam qoyulmasına və uzun ömürlü olmasına təsir edəcək. 
Kateqoriya: Xəbərlər | Views: 387 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP