Bazar, 14.12.2025, 02:04
Приветствую Вас, Гость
Ana Səhifə » 2012 » Dekabr » 30 » Azərbaycanda müəllimlərin utancverici geyimləri
19:03
Azərbaycanda müəllimlərin utancverici geyimləri
Bundan nə vaxt imtina ediləcək?

Publika.az bu gündən "Gələcəyimizi necə xilas edək?” adlı layihəyə başlayır.

Məqsəd təhsil sisteminin bugünkü durumunu, çatışmazlıqları, bir sözlə, problemlərini tapıb ictimai müzakirəyə çıxarmaq, cəmiyyətin diqqətini bu məsələlərə yönəltməkdir. Layihə çərçivəsində təhsillə bağlı hər birimizi narahat edən məsələləri ekspertlərlə müzakirə edib, çıxış yolları tapmağa çalışacağıq.

İlk mövzumuz müəllimlərin geyimləri ilə bağlıdır. Ekspertlərin fikrincə, təhsilin keyfiyyəti müəllimin geyimi ilə birbaşa bağlıdır. Sinifə daxil olan müəllimin geyimi toy yox, məktəb ab-havası yaratmalı, şagirdlərin fikri müəllimin paltarındakı naxışlarda və daş-qaşda qalmamalıdır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində müəllimlərin xüsusi geyim forması var, onun hansı tələblərə cavab verməsi qanunlarla tənzimlənir. Məsələn, qonşu Türkiyədə Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş qaydalara əsasən, qadın müəllimlər don və ya ətək geyinə bilərlər, ancaq onlar dizdən yuxarı olmamalıdır, eyni zamanda paltarla qolsuz və ya sinəsi açıq olmasına icazə verilmir. Kişi müəllimlər də mütləq kostyum geyib, qalstuk taxmalıdırlar. Qanunda həmçinin, qadın müəllimlərin saçlarını necə yığmaları, kişilərin saçlarının uzunluğu və s. normalar qeyd olunur. Ölkəmizdə təhsil haqqında qanunda müəllimlərin geyim formaları ilə bağlı hər hansı tələb olmasa da, artıq bir neçə ildir müəllimlərin vahid geyim forması gündəmdədir. Təhsil naziri Misir Mərdanov müəllimlərin geyim məsələsinə münasibət bildirərkən, onlara müəllim adına yaraşan geyimlər geymələrini məsləhət görüb. Nazirlikdən də bildirirlər ki, ölkənin və ya paytaxtın bütün məktəblərində müəllimlərin vahid forma geyinməsi məcbur edilməməlidir, amma bəzi qaydaların gözlənilməsi vacibdir. Məsələnin tövsiyə xarakteli olması, onun həllinə maneə olan amillərdəndir. Tələblər məcburi olmadığında müəllimlər vahid formanı tətbiq etməkdən yayınırlar. Buna görə də illərdir müzakirə olunsa da, yalnız bu ildən paytaxtın 10-a yaxın məktəbində vahid forma tətbiq edilib. Nə üçün müəllimlər vahid forma geyinməkdə maraqlı deyil?
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev məktəblərin vahid forma məsələsinə laqeyd yanaşmasını rəhbərliyin münasibəti ilə əlaqələndirdi.

"Bütün proseslərin həyata keçirilməsində, həmin sahəni idarə edən şəxs dayanır. Bu vaxta qədər məktəblərin bu prosesə keçməməsinin səbəbi direktorların məsələyə yanaşması ilə bağlıdır. Məktəb rəhbərləri müəllimlərin vahid forma geyinməsində maraqlı deyillər, buna görə də proses belə zəif inkişaf edir”.
Vahid forma heç vaxt məcbur olmayacaq 

Məktəblərə vahid formanı təklif edən Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirirlər ki, bu heç vaxt məcburi olmayacaq. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bu məsələnin sadəcə tövsiyə, məsləhət xarakterli olduğunu bildirdi:
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəllimlərin vahid forma geyməsi ilə bağlı təkliflər edilib, amma burada hər hansı tapşırıq, əmr yoxdur. Bu təklifi irəli sürərkən biz bəzi ölkələrin təcrübələri ilə də maraqlandıq. Dünyanın ən inkişaf etmiş ölkələrinin məktəblərində müəllimlər vahid forma geyinir. Ölkəmizdə də müəllimlərin vahid forma geyinmələrinin təhsilin keyfiyyətinə təsir edəcəyini düşünürük.
Bu ildən isə artıq BŞTİ-nin tabeliyində olan 326 məktəbdən10-da vahid forma tətbiq olunur. Paytaxtın bütün məktəblərində müəllimlərin şagirdlər kimi eyni rəngli, eyni formalı paltarlar geyinməsi ilə bağlı qərarımız yoxdur, gələcəkdə də olmayacaq. Biz, sadəcə təklif irəli sürmüşük, geyimlərin necə olmasına məktəblərin pedaqoji şuralarında müzakirə edildikdən sonra qərar verilir. Bəzi məktəblər klassik geyim üsulunu, bəziləri hər gün fərqli rəngdə köynəklər geyinməyi, bəziləri isə yalnız tədbirlər zamanı tətbiq edəcəyini bildirir”.

Z.Əliqızı müəllimlərin vahid forma geyinməsinin ilk növbədə onların büdcəsi üçün sərfəli olduğunu bildirdi:
"Bu müəllimləri hər gün "nə geyinim?” barədə düşüncələrdən azad edir. Həm də məktəbli formasına çətin alışan məktəblilərə bir dəstəkdir. Çünki yuxarı sinif şagirdlərinin məktəbli forması ilə bağlı müəyyən kompleksləri var. Həmin şagirdlər müəllimlərin də forma geyindiyini görəndə özlərində daha çox məsuliyyət hiss edəcəklər. Müəllim və şagirdlərin geyimi illərdir müzakirə olunur. Məktəblilərin vahid formaya keçməsi problemi həll olundu. İstəyirik ki, müəllimlərin də geyim məsələsi həll olunsun. Çalışırıq ki, geyimlər məktəblərdə sonuncu müzakirə mövzusu olsun. Təlim-təhsilin keyfiyyəti diqqət mərkəzində olmalıdır”.
Müəllimlər arasında fərqliliyə son
Ekspertlərin də dediyi kimi, müəllim təkcə biliyi ilə yox, həm də geyimi ilə şagirdlərin diqqət mərkəzində olur. Artıq 6 ildir müəllimlərin vahid forma geyindiyi 171 saylı məktəbin direktoru İradə Murquzova bu addımı atmalarının səbəbi kimi müəllimlərin bir-birindən geyimlərilə seçilməsini göstərib və deyib ki, bu, həm də şagirdləri müəllimlər arasında geyiminə görə fərq qoymaq düşüncəsindən azad etdi.
"Müəllimlərin vahid geyimə keçməsi qərarını qəbul etməzdən əvvəl bütün məktəb kollektivi ilə birlikdə müzakirə etdik, geyimlərin rəngi, forması və s. məsələlərlə bağlı ümumi nəticəyə gəldik. Yaz, yay, payız fəsli üçün iki cür, qış üçün isə bir cür forma müəyyən etmişik. Bu işə özüm nəzarət edirəm, hər kəsin paltarı eyni rəng olsun deyə, parçanı müavinimlə birlikdə alırıq. Hər bir müəllim formanı istədiyi yerdə tikdirə bilər. Təxminən bir forma 60-70 manata başa gəlir”.
Vahid formanın müəllim büdcəsinə də müsbət təsir edəcəyi bildirilsə də, görünən odur ki, hər biri ən azı 60-70 manata başa gələn 3-4 dəst forma onsuz da məhdud olan müəllim büdcəsi üçün heç də münasib görünmür.

Nümunələr hazırlanır

Btün məktəblərədə vahid forma tətbiq edilməsə də, Bakı Tikiş Evi də müəllimlər üçün yeni forma hazırlayır. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov vahid müəllim forması ilə bağlı nümunələr hazırlayarkən Avropa ölkələrinin təcrübəsindən bəhrələndiklərini bildirdi:
"Hazırda modelyerlərimiz formaların hazırlanması ilə məşğuldurlar. Bir neçə variant hazırlanacaq və bu variantların müəllimlərin ürəyincə olmasına çalışırıq. Nümunələr hazır olduqdan sonra müəllimləri dəvət edəcəyik ki, onlar seçimlərini etsinlər.
Müəllimlər üçün hazırlanacaq formanın parçası şagirdlərinkindən fərqli olmalıdır. Ona görə də xüsusi parça sifariş verəcəyik. Direktorumuz bu məsələ ilə əlaqədar "Bosso” firması ilə danışıqlar aparmaq üçün Türkiyəyə gedib”.
Müəllimlər üçün formaların qiymətinə gəldikdə isə E.Əzimov əvvəldən qiymət deməyin mümkün olmadığını bildirdi.
"Çalışacağıq ki, qiymətlər baha olmasın. Amma əvvəldən də qiymət demək mümkün deyil. Formanın hazırlanması üçün istifadə olunan parça, aksesuarlar və s. qiymətə təsir edəcək. Nəticədən asılı olaraq, 60-70 manat, yaxud bundan az və ya çox ola bilər”.

Məktəblərdə vahid formanın tətbiq olunub olunmayacağı hələ ki, müzakirə mərhələsindədir. Qərarın necə olmasına baxmayaraq önəmli olan məsələnin tez bir zamanda həll olunması, məktəb, təhsildə digər problemlərin geyimin kölgəsində qalmamasıdır.

publika.az
Kateqoriya: Tanınmışlar | Views: 413 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP