22:41 Milli yazılmamış qanun: Tərpənməyin, şəklinizi çəkirlər | |
![]() Bu gün reklamlarda, jurnallarda, saytlarda verilən fotoların əksəriyyəti "photoshop" proqramı ilə işlənilir. Reallıqdan uzaq olan xarici görünüş isə bir çox insanlarda psixoloji problemlər yaradır. İnsanlar şəkillərdəki gözəl və xoşbəxt insanlara bənzəmək istəyir. Gerçəklikdə isə buna nail ola bilmədikləri üçün üzülürlər.
Günü-gündən öz görünüşlərindən narazı olan qadınların sayı artır. Reklam olunan süni gözəlliyin təsirindən qadınlar süni saçlara, dodaqlara, bədənə sahib olmaq üçün can atırlar. Fotoqraf Murad Ağayevin sözlərinə görə, müştərilər bütün şəkilləri "photoshop" proqramı ilə düzəldilməsini istəyirlər. "Əsasən üzdə olan civzələri, sızanaqları, çapıqları götürürük. İndi çox az adam şəkli olduğu kimi sifariş edir. İnsanlar şəkillərdə olduğundan daha yaraşıqlı görünmək istəyirlər. Proqram vasitəsilə etdiyimiz ən çox yayılmış digər bir düzəliş isə insanların çəkisi ilə bağlıdır. Yəni ki, şəkildə düşən iri qarın yığışdırılır, qaməti düzəldilir. Bəzi xanımlar hətta qaşlarını, gözlərinin rəngini, dodaqlarının formasını da dəyişdirməyi tələb edirlər. Xüsusilə də Facebook və s. kimi sosial şəbəkələrdə yerləşdirilən şəkillər proqram vasitəsilə düzəlmiş şəkillərdir". Onun sözlərinə görə, şəkilləri düzəldərkən insanlar maksimum şəkildəki surətlərinin gözəlləşdirilməsini istəyirlər. Həmsöhbətimiz deyir ki, bununla bağlı bəzən gülməli təkliflərdə olur. "Belə ki, müştərilər özləri ilə hansısa aktyor və ya modelin şəklini gətirib ordakı kimi çəkilmək və həmin insana oxşamağı tələb edirlər. Əslində isə insan şəkildə olduğu kimi görünməli və öz görünüşü ilə barışmalıdır". Paytaxt sakini Nuranə Tağıyeva isə bildirib ki, son qəpiyini belə jurnal səhifələrindəki qızlar kimi görünmək üçün xərcləyir. "Əslində xarici görünüşümdə bir problem yoxdur. Lakin həyat yoldaşım daim məndən narazı idi. Mənə çox tez-tez kök olduğumu deyirdi. Mən də heç nə yemir, vaxtımın çox hissəsini idmanla məşğul olmağa sərf edirdim. İstəyirdim ki, bizim sevgimizə heç nə mane olmasın. O, başqasına məndən daha qamətli və zərif xanıma baxmasın. O isə mənə daim reklam və jurnallardakı xoşuna gəldiyi qızları göstərirdi. Bu, tədricən məndə psixoloji problemlər yaratmağa başladı. Nə qədər gülünc səslənsə də, bir müddətdən sonra burnum da ona uzun görünməyə başladı. Mən isə ona izah edə bilmirdim ki, normal insanın xarici görünüşü ideal ola bilməz. Bu şəkillər hamısı "photoshop" vasitəsilə düzəlib". Dediyinə görə, hər nə desə də, həyat yoldaşı onu başa düşməyib. Bu vəziyyət hər ikisinin də əsəblərinə təsir edib və münasibətlər getdikcə pozulmağa başlayıb. "Həyat yoldaşım mənə fikir vermirdi. Məcbur olub tədricən saçlarımın rəngini, sonra dodaqlarımın həcmini dəyişdirtdim", - deyən N.Tağıyeva hətta plastik cərrahlara da üz tutmaq qərarına gəlib. "Əks halda həyatda xoşbəxtliyimi itirəcəkdim". Proqramçı Denis Abışov "photoshop"la möcüzələr yaratmağın mümkün olduğunu deyib. "Photoshop" vasitəsilə fotoları asanlıqla redaktə etmək, insanın xarici görünüşünü dəyişdirmək mümkündür. Bu və başqa xüsusi proqramlar vasitəsilə insanı cavan və ya qoca göstərmək olar. Proqram şəkildə insanın dərisindəki çatışmazlıqları aradan qaldırır. Bunun vasitəsilə saçın uzunluğunu, kəsimini, rəngini dəyişmək olur. Gözlərin quruluşunun, rənginin, qaşların dəyişdirilməsi də mümkündür. Proqram şəkildə verilən məkanı, mənzərəni də dəyişdirməyə imkan verir. Adi fotoları qələm və ya boya ilə çəkilən rəsmlərə də çevirmək mümkündür. Bu gün əksər fotostudiyalarda bu proqramdan yararlanırlar. Bəzi adamlar öz kompüterlərinə də bu proqramları yazmağı sifariş edirlər. Onlar bu proqram vasitəsilə özləri öz görünüşlərini dəyişdirir və gerçək olmayan obrazlarını yaradırlar. Psixoloq Asif Zeynalovun sözlərinə görə, reklam şirkətləri xüsusi proqramlar vasitəsilə insanların gerçək görünüşlərini dəyişdirir. "Bununla da onlar insanlarda xarici görünüş barədə yanlış fikir formalaşdırır. Lakin insanlar başa düşməlidirlər ki, insanın dərisində civzələr də, sızanaqlar da olur. İnsan isə plasmast oyuncaq deyil və o, gəlinciklərə bənzəməməlidir. Lakin təəssüf olsun ki, müasir zamanda insanların gözəllik barədə fikirləri yanlış tərəfə dəyişib. İnsanlar reklamların diqtə etdiyi gözəllik standartına can atır. Təbii üsullarla isə buna nail olmaq çox çətindir. Bu da insanlarda müxtəlif psixoloji problemlər yaradır. Qadınlar özlərinə inam hissinin itirir, özlərini bəyənmir. Bəzən bu intihara da gətirib çıxarır. Bu cür psixoloji problemləri yaşayan insanlar adətən düşünürlər ki, "belə bədən mənim nəyimə lazımdır?", "əgər mən özümü bəyənmirəmsə, özümdən iyrənirəmsə, kimin məndən xoşu gələr?" Psixoloq məsləhət görür ki, jurnallardakı şəkilləri yalnız şəkil kimi, "photoshop"un yaratdığı görünüş kimi qəbul etmək lazımdır. Kiminsə xarici görünüşünü standart kimi qəbul etmək yaxşı nəticələnmir. Həm də gözəllik standartları daim dəyişir. Misal üçün, keçən əsrin 20-30-cu illərində ağ dəri və nisbətən kök olmaq dəbdə idisə, bu gün dieta saxlayanlar və süni qaralmaya üstünlük verənlər çoxdur. Əvvəllər isə çox arıq və dərisi qara olan insana eybəcər kimi baxırdılar. İnsan öz xarici görünüşündən özünün heç kimə bənzəmədiyini və təkrarsız olduğunu anlayanda razı qalır. Bu səbəbdən də insan çox vaxt öyrəşdiyi ona yaxın olan insanları sevir, onları olduğu kimi qəbul edir. Heç kimin onlara oxşamadığını, onlar kimi olmayacağını dərk edir. | |
|
Şərhlər: 0 | |